QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası istifadəyə verilib. Layihə kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı əməkdaşlığı çərçivəsində həyata keçirilib. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bakı guşəsində Şirvanşahlar Sarayı, Qız qalası, İçərişəhər, Heydər Əliyev Mərkəzi, “Alov Qüllələri” və Bakı buxtasını əks etdirən təsvirlər, eləcə də Qız qalasının maketi nümayiş olunur. Azərbaycan mətbəxinin tanıdılmasına yönələn kulinariya zonasında kollecin tələbələri üçün yerli mətbəxə dair təlimlər də keçiriləcək.
Kollecin rektoru Trin Tri Tu Ha mərasimdə çıxış edərək bildirib ki, Azərbaycan və Vyetnam xalqları arasındakı dostluğun əsası Ho Şi Minin Bakıya və Heydər Əliyevin Vyetnama səfərləri zamanı qoyulub. Onun sözlərinə görə, müstəqillik illərində ölkələr arasındakı münasibətlər müxtəlif sahələrdə genişlənib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Rektor kollecin xalqlar arasında dostluğa töhfə vermək məqsədilə layihələr həyata keçirdiyini vurğulayıb.
Trin Tri Tu Ha ötən ilin aprelində Leyla Əliyevanın kollektiv və vaxtilə Azərbaycanda təhsil almış vyetnamlılarla görüşünü, həmçinin Heydər Əliyev Fondunun təhsil ocağına dəstəyini xoş sözlərlə xatırlayıb.
Leyla Əliyeva Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə kollecin rəhbərliyinə təşəkkür edib. O, yeni guşə və kulinariya zonasının tələbələrə, eləcə də Hanoy sakinlərinə Azərbaycanı daha yaxından tanımaq imkanı yaradacağına inamını ifadə edib. Vitse-prezident tədbirin Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri günlərində keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edib. Heydər Əliyev Fondunun təhsil və sosial istiqamətli layihələrinin Vyetnamda da həyata keçirildiyi bildirilib.
Mərasimdə incəsənət nümayəndələri Azərbaycan və Vyetnam dostluğuna həsr olunmuş mahnılar, Vyetnam dilində “Arşın mal alan” musiqili komediyasından parçalar, həmçinin yeni yazılmış “Azərbaycan-Vyetnam” mahnısını təqdim ediblər.