QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov süni intellektin təhsildə tətbiqindən danışıb. O, fikirlərini IV “Maarifçi” tələbə-məzun forumunda təqdimat zamanı səsləndirib.
Abuşovun sözlərinə görə, bu texnologiyalar müəllimlərin gündəlik təkrarlanan işlərinin bir qismini avtomatlaşdırır. Beləliklə, müəllimlər şagirdlərlə daha çox vaxt keçirə və onların bilik-bacarıqlarının inkişafına diqqət ayıra bilirlər.
Süni intellekt alətləri şagirdlərin suallarını cavablandırır, mövzular barədə əlavə məlumat və tövsiyələr təqdim edir. Bu vasitələr həmçinin şagirdlərin bilik və bacarıqlarını artırmasına dəstək verir.
İdarə rəisinin müavini qeyd edib ki, müəllimlər ev tapşırıqlarını yoxlamaq və analitik hesabatlar hazırlamaq üçün də həmin alətlərdən yararlana bilərlər. Dövlət isə müasir rəqəmsal infrastrukturu və süni intellekt vasitələrini təhsil ictimaiyyətinin istifadəsinə təqdim edir.
Abuşov texnologiyadan düzgün və səmərəli istifadənin vacibliyini vurğulayıb. Onun fikrincə, texnologiyanın imkanları geniş olsa da, təhsildə motivasiyanı, dəyərləri və iradəni formalaşdıran insandır.