QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Havaydan olan 18 yaşlı məktəbli Vera Van okeanların plastiklə çirklənməsinə qarşı elmi araşdırma aparıb.

Havay Universitetində tədqiqat yürüdən Van hindistan qozunun qabığında plastik və günəşdən qoruyucu vasitələrdəki bəzi kimyəvi maddələri parçalamaq potensialı olan göbələklər müəyyən edib. Araşdırma üçün 50-dən artıq göbələk nümunəsi toplanıb, onların 24-ü çirklənmiş mühitdə inkişaf edə bilib.

Gənc tədqiqatçı hindistan qozu liflərindən filtr də hazırlayıb. Laboratoriya sınaqlarında filtr iki dəqiqə ərzində mikroplastik hissəciklərin 76,58 faizədək hissəsini tutub.

Vanın işi 2026-cı ildə keçirilən Regeneron ISEF beynəlxalq elmi müsabiqəsində diqqət çəkib. Texnologiya hazırda təcrübə mərhələsindədir; onun dəniz şəraitindəki effektivliyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

İlkin nəticələr bu yanaşmanın gələcəkdə okeanların plastik tullantılardan təmizlənməsi üçün yeni imkanlar yarada biləcəyini göstərir.