QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Samsung” “One UI 9.5” yeniləməsi ilə dələduzluğa qarşı qorumanı genişləndirməyi planlaşdırır. Yeni funksiya “WhatsApp”, “Telegram” və başqa tətbiqlərdə şübhəli səsli zəngləri aşkar edərək istifadəçiyə xəbərdarlıq edəcək.
Yenilik, ümumilikdə, 14 tətbiqlə işləyəcək. Dəstəklənən proqramlar arasında “WhatsApp”, “Telegram”, “Instagram”, “Google Meet”, “Messenger” və “Signal” da var. Yoxlamanın hansı tətbiqlərdə işləyəcəyini istifadəçilər özləri müəyyən edə biləcəklər.
Sistem şübhəli söhbətləri tanımaqla yanaşı, süni intellektlə yaradılan və ya dəyişdirilən saxta səsləri də müəyyən edə biləcək. Bu imkan özünü ailə üzvü, bank işçisi və ya rəsmi şəxs kimi qələmə verən dələduzları aşkarlamağa kömək edəcək.
Zənglərin yoxlanması telefonun özündə aparılacaq. Beləliklə, səs məlumatlarını daimi şəkildə uzaq serverlərə ötürmək tələb olunmayacaq.
Funksiyanın ilkin olaraq Cənubi Koreya və Çində istifadəyə çıxarılması nəzərdə tutulur. Digər ölkələrdə nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilməyib.