QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Uber, Nuro və Lucid-in birgə hazırladığı sürücüsüz robotaksilər ABŞ-nin San-Fransisko Körfəz Bölgəsində ictimai yollarda sınaqdan keçirilir. Lucid Gravity elektrikli SUV-ləri artıq təhlükəsizlik sürücüsü olmadan hərəkət edir.
Şirkətlər kommersiya robotaksi xidmətini 2027-ci ilin birinci rübündə istifadəyə verməyi nəzərdə tutublar. Sınaqların növbəti mərhələsində şirkət əməkdaşları da sürücüsüz avtomobillərlə səfər edə biləcəklər.
Uber əvvəlcə Lucid-ə 300 milyon dollar investisiya yatıracağını öhdəsinə götürmüş, sonradan bu məbləği 500 milyon dollara çatdırmışdı. Şirkət Nuro-ya da təxminən 500 milyon dollar sərmayə qoyacağını vəd edib.
Bundan əlavə, Uber qarşıdakı altı il ərzində ən azı 20 min Lucid Gravity almağı planlaşdırır. Razılaşmanın Lucid üçün daha sabit gəlir mənbəyi yaratması, eyni zamanda Nuro-ya avtonom idarəetmə texnologiyalarını avtomobil istehsalçılarına və nəqliyyat şirkətlərinə təqdim etmək strategiyasını irəli aparmağa imkan verməsi gözlənilir.