QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, WhatsApp mesajların gələcək tarix və saatda avtomatik göndərilməsini təmin edən funksiyanı istifadəyə verməyə hazırlaşır. Yenilik istifadəçilərə mesajı əvvəlcədən hazırlayıb göndərilmə vaxtını seçmək imkanı yaradacaq.
“Planlaşdırılmış mesajlar” adlı funksiya şəxsi və qrup söhbətlərində işləyəcək. Mesajın vaxtını ən azı 10 dəqiqə, ən çoxu isə 14 gün əvvəldən təyin etmək mümkün olacaq. Şirkət bu xüsusiyyətin istifadəçilərin çoxdan tələb etdiyi yeniliklərdən biri olduğunu bildirib.
Funksiyadan yararlanmaq üçün əlavə bölmə açmağa ehtiyac yoxdur. İstifadəçi yazışmanı seçib mətn daxil etdikdən və ya foto, video əlavə etdikdən sonra göndərmə düyməsini basıb saxlamalıdır. Açılan pəncərədə tarix və saat təyin ediləndən sonra mesaj həmin vaxt avtomatik göndərilmək üçün növbəyə düşəcək.
Əvvəlcədən planlaşdırılan mesajlar vahid siyahıda görünəcək. İstifadəçilər göndərilmə vaxtı çatmamış onları silə də biləcəklər. İlkin mərhələdə mətn, foto və video göndərmək mümkün olacaq. Səsli mesajların, sənədlərin və məkan məlumatlarının dəstəklənib-dəstəklənməyəcəyi hələ açıqlanmayıb.
Məsələn, gecə saat 23:00-da xatırlanan təbriki səhər göndərilmək üçün hazırlamaq, yaxud başqa ölkədə yaşayan dostun ad günündə yerli vaxtla saat 00:00-da çatacaq mesajı planlaşdırmaq olar.
WhatsApp-ın bildirdiyinə görə, telefon sönülü olsa və ya batareyası tam boşalsa belə, planlaşdırılmış mesaj nəzərdə tutulan vaxtda qarşı tərəfə çatacaq. Bu mesajlar da şəxsi yazışmalardakı digər mesajlar kimi başdan-başa şifrələnəcək.
Qəbul edən şəxs mesajın əvvəlcədən hazırlandığını göstərən fərqli bir işarə görməyəcək; yazışma adi mesaj kimi görünəcək. Şirkət funksiyanın qarşıdakı həftələr ərzində dünya üzrə mərhələli şəkildə istifadəyə veriləcəyini açıqlayıb. Azərbaycanda tətbiqinə başlanacaq dəqiq tarix isə hələ bəlli deyil.