QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Hörmüz boğazı ətrafında icazəsiz marşrutla hərəkət edən iki tanker minaya düşüb. Hadisədən sonra gəmilərdə yanğın başlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin açıqlamasında tankerlərdən birinin boğazın şərq hissəsində, digərinin isə boğazın daxilində hərəkət etdiyi bildirilib. Məlumata görə, hər iki gəmi minaya düşəndən sonra alovlanıb.
SEPAH qeyd edib ki, tankerlər müəyyən olunmuş qaydaları dəfələrlə pozublar. İranın icazə vermədiyi marşrutla hərəkətə başlamazdan qabaq gəmilərin naviqasiya və yerləşmə sistemləri söndürülüb.
İran Hərbi Dəniz Qüvvələri ABŞ hərbçiləri ilə əməkdaşlıq edən və Hörmüz boğazından keçid qaydalarını pozan gəmilərə xəbərdarlıq edib. Açıqlamada belə gəmilərin minaya düşə biləcəyi bildirilib.
SEPAH gəmi heyətlərinə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərinin bəyanatlarına etibar etməmək çağırışı da edib.