QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Gəncədə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu təşkil olunub.

Tədbirdə “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, telejurnalist-aparıcı Günel Gözəlova iştirak edib. O, forumu uğurlu əməkdaşlıq layihəsi kimi qiymətləndirib.

Gözəlova bildirib ki, Bakı, Zəngilan, Xankəndi və Gəncədə olmaqla indiyədək Azərbaycanda dörd QHT Əməkdaşlıq Forumu keçirilib. Onun sözlərinə görə, hər tədbirə təxminən 400 QHT nümayəndəsi qatılır və ümumi iştirakçı sayı əhəmiyyətli göstəricidir.

O qeyd edib ki, forumlar vətəndaş cəmiyyəti üçün müzakirələrlə yanaşı, ictimai təsir imkanlarının da dəyərləndirildiyi platformadır. Bu görüşlər QHT-lərin institusional əlaqələrini möhkəmləndirir, təcrübə və resursların paylaşılmasına imkan verir. Dövlətlə vətəndaş cəmiyyəti arasında dialoqun genişlənməsi isə ictimai təşəbbüslərin qərarverməyə təsirini artıra bilər.

Gözəlova forumların nəticəsinin irəli sürülən təkliflərin konkret qərar, layihə və real nəticələrə çevrilməsi ilə ölçülməli olduğunu vurğulayıb. Əks halda, toplantılar faydalı ünsiyyət və təmsilçilik tədbiri səviyyəsində qala, güclü və müstəqil vətəndaş cəmiyyətinin inkişafına gözlənilən töhfəni verməyə bilər. O, Gəncə forumunun real nəticələri və yüksək təşkilatçılığı ilə QHT tarixində yer alacağına inandığını deyib.