QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Hövsanda U-15 dünya çempionatı üçün tikilmiş 10 futbol meydançasından ibarət kompleks turnirdən sonra da fəaliyyətini davam etdirəcək. Meydançaların gələcəkdə hansı məqsədlə istifadə olunacağı və vətəndaşların istifadəsinə verilib-verilməyəcəyi ilə bağlı AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsi açıqlama verib.

Qurumdan bildirilib ki, Hövsan Yarış Kompleksinin fəaliyyəti yalnız dünya çempionatı ilə məhdudlaşmayacaq. Burada uşaq futbolunun və milli komandaların inkişafına xidmət edən əsas mərkəzlərdən birinin yaradılması nəzərdə tutulur.

AFFA-nın məlumatına görə, hazırda kompleksdə müvafiq işlər aparılır. Yaxın vaxtlarda uşaq futbolunun bu əraziyə köçürülməsi, aşağı yaş qruplarından ibarət milli komandaların təlim-məşq toplanışlarının, eləcə də aşağı liqa oyunlarının burada təşkili planlaşdırılır.

Bundan əlavə, gələcəkdə A milli komanda üçün kompleksdə ayrıca məşq bazasının inşası nəzərdə tutulur. AFFA-nın bildirdiyinə görə, əsas məqsəd Hövsan Yarış Kompleksini futbolun inkişafına uzunmüddətli töhfə verəcək müasir mərkəzə çevirməkdir.