QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında daşınmaz əmlakın dövlət reyestrinə dair qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Təklifə əsasən, torpaq sahəsinin plan-ölçü sənədi əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün əsas hesab olunacaq.

Layihə “Torpaq islahatı haqqında” qanuna əsasən vətəndaşlara verilən, ancaq mülkiyyət hüququ rəsmiləşdirilməyən həyətyanı sahələrlə bağlı məsələni həll etməyə yönəlib. Bildirilib ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2006-cı il iyulun 6-dək vətəndaşlara mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr verib. Həmin tarixdən dövlət reyestrindən çıxarışların təqdim edilməsinə başlanandan sonra şəhadətnamə tərtibi dayandırılıb, onun əvəzinə texniki sənəd olan plan-ölçü verilib.

Plan-ölçü hüququ təsdiq edən sənəd sayılmadığından, bu sənədlə mülkiyyət hüququnu qeydiyyata alıb çıxarış əldə etmək mümkün olmayıb. Problem 2006-cı il iyulun 6-dək müraciət etməyən şəxslərin, eləcə də bələdiyyələrin ayırdığı və 2006–2015-ci illərdə plan-ölçüsü hazırlanmış həyətyanı torpaq sahələrinin sahib olduğu hallara şamil edilib.

Qəbul olunan layihə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2015-ci il fevralın 6-dək vətəndaşların mülkiyyətinə verdiyi həyətyanı torpaqlar üçün tərtib edilmiş plan-ölçü sənədini mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas müəyyən edir.