QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya ölkənin Silahlı Qüvvələrinin əvvəlkindən daha güclü olduğunu və İrana qarşı mümkün yeni təcavüzə dərhal, qətiyyətlə cavab veriləcəyini bildirib.

Əkrəminiya bu fikirləri İranın cənubunda ordu komandirləri ilə görüşdə səsləndirib. Onun sözlərinə görə, İran qüvvələri Hörmüz boğazının şərqindən qərbinədək dənizdəki vəziyyəti yaxından izləyir.

General qeyd edib ki, Silahlı Qüvvələr əməliyyat hazırlığını, dənizdəki hərəkətləri izləmək və region sularına nəzarət etmək imkanlarını nümayiş etdirib. İran Hərbi Dəniz Qüvvələrinin ərazini gecə-gündüz nəzarətdə saxladığını deyən Əkrəminiya strateji nəzarətin Hörmüz boğazının şərqindən Hind okeanına qədər uzandığını vurğulayıb.

Ordu sözçüsü hərbçilərin “özünü dünyanın aparıcı hərbi gücü hesab edən düşmənə” qarşı müqavimətini yüksək qiymətləndirib. Bildirib ki, onların əməliyyat mövqelərində fəaliyyəti qarşı tərəfin məqsədlərinə çatmasına mane olub.

Əkrəminiyanın iddiasına əsasən, ABŞ İrana qarşı başladığı müharibədə nüvə və raket potensialını zəiflətmək, müqavimət cəbhəsini dağıtmaq, siyasi quruluşu dəyişdirmək, ölkənin ərazi bütövlüyünü pozmaq, həmçinin milli kimliyə və sivilizasiyaya zərbə vurmaq məqsədi güdüb.

O, İrana müəyyən ziyan dəydiyini, lakin qarşı tərəfin strateji hədəflərinə çata bilmədiyini və İranın qalib gəldiyini söyləyib. Əkrəminiya Vaşinqtonun yeganə çıxış yolunun İranın qanuni və məntiqli şərtlərini qəbul etmək olduğunu bildirib.

Generalın sözlərinə görə, təcavüzkar və düşmənçilik xarakterli addımlar ABŞ-a Hörmüz boğazına nəzarəti ələ keçirməyə imkan verməyəcək. O, İranın rəqiblərinə müharibəni istədikləri vaxt başladıb, istədikləri vaxt bitirə biləcəklərini düşünməmələri barədə xəbərdarlıq edib.