QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycanda istehlak kreditləri üzrə işsizlikdən sığorta mexanizminin tətbiqi gözlənilir. Yeni qaydalar qüvvəyə mindikdən sonra banklar kredit rəsmiləşdirən müştərilərə bu sığorta məhsulunu təklif etməli olacaqlar.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, məqsəd işini itirən vətəndaşların kredit ödənişlərində üzləşə biləcəyi çətinlikləri yüngülləşdirməkdir.

Mərkəzi Bankın hazırladığı qaydaların yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir. Sığortadan istifadə edib-etməmək isə müştərinin qərarına bağlı olacaq.

Mexanizm əmək müqaviləsi ilə işləyən və rəsmi iş yeri olan şəxsləri əhatə edəcək. İş yerinin bağlanması, ştat ixtisarı və qanunvericilikdə göstərilən digər səbəblərlə əmək münasibətləri başa çatıb, vətəndaş gəlirindən məhrum olarsa, sığorta şirkəti onun kredit borcunun bir hissəsini və ya hamısını ödəyəcək.

Bayramovun qeyd etdiyinə görə, yenilik işsiz qalan şəxsin eyni zamanda kredit ödəmək məcburiyyətindən yaranan maliyyə təzyiqini azaltmağa kömək edəcək. Şəxs yeni iş tapana qədər ödənişlərlə bağlı risklərin bir hissəsini sığorta mexanizmi üzərinə götürəcək.

Deputat bildirib ki, sığortanın kredit faizlərinə də mümkün təsiri nəzərdə tutulur. Bu mexanizmin tətbiqi bankların riskini azaltdığı üçün həmin kreditlərin daha aşağı faizlə təklif edilməsi planlaşdırılır. Nəticədə müştərilər üçün kredit şərtləri daha əlverişli ola bilər.