QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda yerləşən “Habaş” dəmir-polad zavodunda baş verən partlayış nəticəsində 16 işçi həyatını itirib. Hadisədən sonra hüquq-mühafizə orqanları genişmiqyaslı araşdırmaya başlayıb.

İlkin istintaq çərçivəsində hadisə ilə əlaqəli 6 şübhəli saxlanılıb.

Menemen Baş Prokurorluğunun açıqlamasında partlayışın saat 12:00 radələrində zavodun polad istehsalı sexində baş verdiyi bildirilib. Səbəblərin müəyyənləşdirilməsi üçün cinayət işi başlanıb və dörd prokurorun daxil olduğu xüsusi istintaq qrupu yaradılıb.

Prokurorların nəzarəti ilə məhkəmə ekspertləri və mütəxəssislər istehsal sahəsində geniş yoxlamalar aparıblar. Hadisədə mümkün səhlənkarlıq və məsuliyyəti olan şəxslərin müəyyən edilməsi üzrə saxlanılan altı nəfərlə bağlı istintaq tədbirləri davam etdirilir.