QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə yerləşən Bala Hisar qalasında aparılan qazıntılar 2 min ildən artıq yaşı olan arxeoloji nümunələri üzə çıxarıb.

Ağa Xan Mədəniyyət Fondunun uzunmüddətli bərpa proqramı çərçivəsində qalada qədim sikkələr, Budda heykəllərinin parçaları, İslam dövründən qalma saxsı qablar, neft lampaları və gündəlik istifadə əşyaları tapılıb. Arxeoloqlar qədim saray, monastır və yaşayış evlərinin qalıqlarını da aşkar ediblər.

Tapıntılar içərisində Moğol imperiyası dönəminə aid saray qalıqları diqqət çəkir. Həmin ərazidə divar rəsmləri, taxtı xatırladan tikili və qayaya oyulmuş ulduzşəkilli hovuz müəyyən edilib.

Strateji mövqedə yerləşən Bala Hisar qalası uzun əsrlər ərzində Kabilin müdafiəsində əhəmiyyətli rol oynayıb. Müharibələr zamanı ciddi ziyan görən abidənin bərpası 2018-ci ildə başlayıb.

Layihə çərçivəsində qalanın bağlar, muzey və başqa ictimai məkanları əhatə edən arxeoloji parka çevrilməsi nəzərdə tutulur. Bərpa işlərinin uzun illər sürəcəyi bildirilir.