QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Kamaləddin Qafarov 20 Noyabr – Ağdam şəhəri Günü ilə bağlı açıqlamasında rayonun işğal tarixini, azad edilməsini və hazırkı bərpa prosesini dəyərləndirib.
Deputat bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda 42 gün sürən döyüşlər 1993-cü il iyulun 23-də rayon ərazisinin 73 faizinin Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçməsi ilə nəticələnib. Onun sözlərinə görə, rayon mərkəzi ilə yanaşı, 90 kənd də işğal olunub, 128 min sakin doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa başlayıb.
Qafarov qeyd edib ki, Ağdamın müdafiəsi zamanı 6 mindən çox azərbaycanlı şəhid olub, minlərlə insan yaralanıb. Rayon sakinləri ölkənin müxtəlif bölgələrindəki yüzlərlə yaşayış məntəqəsində məskunlaşaraq uzun müddət doğma torpaqlarından kənarda qalıblar.
Deputatın sözlərinə görə, beynəlxalq ictimaiyyət işğalın ilk vaxtlarından müəyyən etiraz bildirsə də, bu mövqe əməli nəticə verməyib. Ermənistan beynəlxalq hüququn tələblərini və qəbul olunmuş qətnamələri nəzərə almayıb, Cenevrə Konvensiyalarını pozaraq işğal altındakı ərazilərdə qanunsuz fəaliyyətini davam etdirib. Yer adlarının dəyişdirilməsi, əmlakın talan edilməsi, yaşayış məntəqələrinin və təbii sərvətlərin dağıdılması da həmin siyasətin tərkib hissəsi olub.
Qafarov vurğulayıb ki, BMT və digər beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq üçün təsirli addımlar atmayıblar. Buna görə Azərbaycan pozulmuş hüquqlarını və ərazi bütövlüyünü bərpa etmək üçün uzun illər sonra öz imkanlarına arxalanmalı olub.
Millət vəkili xatırladıb ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərbi gücünü, xalqın birliyini və dövlətin siyasi iradəsini nümayiş etdirib. İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibə tarixi qələbə ilə yekunlaşıb. Qafarovun fikrincə, bu nəticə həm döyüş meydanındakı uğur, həm də beynəlxalq siyasi müstəvidə Azərbaycanın haqlı mövqeyinin təsdiqi olub.
O bildirib ki, ölkənin ərazi bütövlüyünün bərpası BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrinin yerinə yetirilməsinə də imkan verib. Müharibədən sonra imzalanan üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Şəhər və rayonun azad olunması yeni hərbi əməliyyatlar aparılmadan, siyasi-diplomatik səylərin nəticəsində baş tutub və əlavə insan tələfatının qarşısı alınıb.
Qafarovun sözlərinə görə, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib və noyabrın 20-si Ağdam şəhəri Günü kimi müəyyənləşdirilib. Bu qərar şəhərin azadlığına verilən siyasi və mənəvi dəyəri ifadə etməklə yanaşı, tarixi yaddaşın qorunmasına xidmət edir.
Deputat əlavə edib ki, Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Onun sözlərinə görə, Ağdam dövlətin gücü, xalqın quruculuq əzmi və Böyük Qayıdış strategiyası ilə yenidən dirçəlir. Qafarov 20 Noyabr – Ağdam şəhəri Gününü tarixi ədalətin bərpasının və Azərbaycanın gələcəyə inamla irəliləməsinin rəmzi kimi səciyyələndirib.