QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, paytaxtda 10 nömrəli avtobusun hərəkətində təxminən 40 dəqiqəlik gecikmə qeydə alınıb. Nəticədə dayanacaqlarda sərnişin sıxlığı yaranıb.

Gecikmə bu gün, saat 12:00-13:00 aralığında, əsasən “28 May” və “Sahil” metro stansiyaları istiqamətində müşahidə olunub. Xətt üzrə hərəkət intervalının normalda 12-15 dəqiqə olduğu bildirilib. Avtobusa minə bilməyən sərnişinlər növbəti nəqliyyat vasitəsini gözləməli olublar.

“BakuBus” MMC gecikmənin marşrutun keçdiyi yollardakı intensiv nəqliyyat sıxlığı ilə bağlı olduğunu açıqlayıb. Şirkətin məlumatına görə, Yasamal Yaşayış Kompleksi (MİDA) ilə Bakı Ağ Şəhər — Nizami Gəncəvi parkı və Mərkəzi Bulvar küçəsi arasında işləyən 10 nömrəli marşrutda sərnişindaşıma 20 avtobusla həyata keçirilir. Qurum xətt üzrə adi intervalın 7-8 dəqiqə olduğunu qeyd edib.

Şirkət bildirib ki, günün müxtəlif vaxtlarında Nazim Hikmət, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Şeyx Şamil, İstiqlaliyyət, Neftçilər, Puşkin, Xocalı, İzzət Orucov və 28 May küçələrində, həmçinin Azadlıq prospekti və Bünyad Sərdarov küçəsində yaranan sıxlıq avtobusların hərəkət intervallarının müvəqqəti uzanmasına gətirib çıxarır.

“BakuBus” yollardakı vəziyyət və marşrut xətlərinin trayektoriyasında edilən dəyişikliklər barədə məlumatların rəsmi Telegram kanalında mütəmadi yayımlandığını bildirib. Qurum sərnişinlərə ən son məlumatları həmin kanaldan izləməyi tövsiyə edib.