QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı zamanı ölkəyə gələn nümayəndə heyəti ilə görüşüb. Yarış kişilər arasında XXI, qadınlar arasında isə XII dəfə təşkil olunur.

Nümayəndə heyətində Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, Belarusun fövqəladə hallar naziri, Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini və Qırğızıstanın fövqəladə hallar nazirinin müavini yer alıblar. Heyətə, həmçinin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxil olub.

Tərəflər çempionatın Bakıda keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, yarış yanğın-xilasetmə idmanının inkişafına, eləcə də iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişlənməsinə dəstək verəcək.

Görüşdə Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi, maddi-texniki imkanların gücləndirilməsi və peşəkar kadrların hazırlanması istiqamətində görülən işlərdən danışılıb.

Yanğın-xilasetmə idmanının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi də müzakirə olunan məsələlər sırasında olub.