QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) rəqəmsal modernləşmə proqramı çərçivəsində 2025-ci ilin sonunadək 6,163 milyon ABŞ dolları məbləğində xərc qeydə alınıb. Layihə Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilir.

Kredit sazişi üzrə vəsaitdən 5,222 milyon dollar istifadə olunub. Bu məbləğin 4,515 milyon dolları bir sıra müraciətlər əsasında birbaşa maliyyələşdirilib, 707,15 min dollar isə sonradan əvəzlənən xərclərdən ibarət olub.

Azərbaycan hökumətinin maliyyələşdirmə payı 941,623 min dollara çatıb. Bunun 940,123 min dolları əlavə dəyər vergisi xərcləridir. Azərbaycanla ADB arasında 47 milyon dollarlıq kredit sazişi 2025-ci il yanvarın 9-da imzalanıb.

ADY-nin rəqəmsallaşdırılması proqramının ümumi büdcəsi 55,46 milyon dollar olaraq müəyyənləşdirilib. Bu məbləğin 47 milyon dollarını ADB, qalan 8,46 milyon dollarını isə Azərbaycan hökuməti birgə maliyyələşdirmə şəklində təmin edir. Layihənin 2028-ci il iyunun 30-dək başa çatdırılması planlaşdırılır.

Proqram ADY-nin fəaliyyətinin kompleks şəkildə rəqəmsallaşdırılmasını və əsas biznes proseslərinin vahid məlumat idarəetmə platformasında birləşdirilməsini nəzərdə tutur. Buraya yük daşımaları, aktivlər, investisiya planlaması və tikinti, eləcə də kommersiya fəaliyyətinin idarə olunması sistemlərinin qurulması və tətbiqi daxildir. Korporativ idarəetmənin yenilənməsi, İT infrastrukturunun gücləndirilməsi və əməkdaşların bacarıqlarının artırılması da layihənin məqsədləri sırasındadır.