QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 3-4-də Mingəçevirdə din xadimlərinin peşəkar fəaliyyəti və müasir çağırışlar mövzusunda ikigünlük seminar-treninq keçirilib. Tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu birgə təşkil edib.

Peşəkar dini xidmətin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyan təlimlərdə din xadimləri, icma rəhbərləri və üzvləri iştirak ediblər.

Fondun icraçı direktoru Vüsal Göyüşöv çıxışında din xadimlərinin fəaliyyətinin dəyişən şəraitə uyğun qurulmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ictimai münasibətlərdəki dəyişikliklər və informasiya mühitinin yaratdığı yeni reallıqlar yüksək peşəkarlıq, çevik yanaşma və davamlı bilik mübadiləsini zəruri edir. Göyüşöv dini maarifləndirmənin müasir tələblər əsasında aparılmasını, cəmiyyətlə sağlam ünsiyyət qurulmasını, milli-mənəvi dəyərlərin qorunub təbliğ edilməsini din xadimlərinin başlıca vəzifələri kimi qeyd edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Dini radikalizmlə mübarizədə din xadimlərinin missiyası” adlı təqdimatla çıxış edib. O, radikalizmin qarşısının alınmasında və onun zərərli təsirlərinin aradan qaldırılmasında din xadimlərinin mühüm mənəvi və strateji məsuliyyət daşıdığını bildirib. Rektorun fikrincə, din xadimləri cəmiyyətdə qütbləşmənin azalmasına, qarşılıqlı anlaşma və həmrəyliyin güclənməsinə də töhfə verməlidirlər.

Şirinov radikallaşmada qapalı şəbəkələrin və sosial medianın rolundan danışaraq din xadimlərini rəqəmsal mühitdə fəal maarifləndirmə aparmağa çağırıb. O qeyd edib ki, etibarlı və keyfiyyətli məzmun hazırlanması gənclərin virtual təhlükəsizliyinin qorunmasına dəstək ola bilər.

İnstitutun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov “Dialoq və dini-mənəvi xidmət” mövzusunda fikirlərini bölüşüb. O bildirib ki, din xadimləri formal fəaliyyətlə kifayətlənməməli, səmərəlilik, mənəvi məsuliyyət və peşəkar inkişaf prinsiplərini əsas götürərək cəmiyyətə fayda verməlidirlər. Niyazov müxtəlif sosial qruplarla, xüsusən gənclərlə iş zamanı fərdi yanaşmanın, onların ehtiyac və gözləntilərinin nəzərə alınmasının, eləcə də qarşılıqlı anlaşmaya söykənən dialoqun əhəmiyyətini vurğulayıb.

Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev “Din xadimlərinin fəaliyyətində səmərəliliyin artırılması” adlı təqdimatında nəticələrin qiymətləndirilməsində kəmiyyət göstəricilərindən çox keyfiyyət meyarlarına üstünlük verilməli olduğunu deyib. Bildirib ki, din xadiminin cəmiyyətə təsiri yalnız çıxışları ilə deyil, şəxsi davranışı və həyat tərzi ilə də müəyyənləşir. Əliyev ədalət, mərhəmət və təvazökarlığı təbliğ edən şəxslərin bu dəyərlərə öz fəaliyyətlərində də əməl etmələrinin vacibliyini diqqətə çatdırıb.

Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə sosial media və dini maarifləndirmə barədə danışıb. O, rəqəmsal platformalarda müxtəlif din və inanclara mənsub şəxslərə qarşı həssas münasibətin göstərilməsinin, məlumat paylaşmazdan əvvəl isə mənbənin etibarlılığının yoxlanılmasının vacibliyini qeyd edib. Əhmədzadənin sözlərinə görə, dəqiq və etibarlı məlumatların sosial şəbəkələrdə anlaşıqlı və düzgün üslubda təqdim olunması dini maarifləndirmənin səviyyəsini yüksəldə bilər.

Din xadimlərinin peşəkar bacarıqlarını gücləndirmək və müasir çağırışlara uyğun baxış formalaşdırmaq məqsədi daşıyan seminar müzakirələrlə başa çatıb.