QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Qazaxıstanın Ərzaq Korporasiyası Azərbaycan və Gürcüstandan keçən marşrutla İsrailə ərzaq buğdası göndərilməsi təklifini irəli sürüb.

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, məsələ Qazaxıstan-İsrail Hökumətlərarası Komissiyasının ticarət və iqtisadi əməkdaşlığa həsr olunan 10-cu iclasında müzakirə edilib.

“Prodkorporasiya” SC-nin İdarə Heyəti sədrinin müavini Samat Tenbayev bildirib ki, İsrail bazarının tələbatı nəzərə alınmaqla, 200-500 min ton ərzaq buğdası və başqa kənd təsərrüfatı məhsullarının tədarükü üçün uzunmüddətli müqavilələrin bağlanması nəzərdən keçirilə bilər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, ixracın daha da genişlənməsi qarşısında logistika əsas məsələlərdən biri olaraq qalır. Qazaxıstan məhsullarının İsraildəki tərəfdaşlara çatdırılması üçün Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizi, eləcə də Baltik dənizi limanlarından istifadə edən alternativ marşrutlar təklif edilib.