QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri Xaçmaz Regional Qaz İstismarı İdarəsinə baş çəkiblər. Səfər regional idarələrə ictimai baxış çərçivəsində həyata keçirilib.

Şura nümayəndələri idarədə əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, gündəlik iş zamanı qarşılaşdıqları çətinlikləri öyrəniblər. Onlardan bu məsələlərin həlli üçün təkliflərini bildirmələri xahiş olunub.

Ardınca qurumun rəhbərliyi ilə görüş keçirilib. İdarənin işi, regiondakı qaz təsərrüfatının durumu, əhalinin təbii qazdan istifadə səviyyəsi və mövcud çətinliklər barədə Şura üzvlərinin sualları cavablandırılıb. Tərəflər qaz təsərrüfatının daha səmərəli qurulmasını, abonentlərin məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksəldilməsini də müzakirə ediblər.

Səfərin növbəti ünvanı Qusar rayonunun Avaran kəndi olub. İctimai Şura üzvləri sakinlərlə söhbət zamanı qaz təchizatı ilə bağlı rəy və təklifləri, eləcə də müraciətləri dinləyib, qaldırılan mövzuları müzakirə ediblər.