QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda oğlunun həbsdən azad olunmasına yardım edəcəyini bildirərək qadından pul alan 66 yaşlı Firudin Əmirov (şərti soyadla) 5 ay 28 gün müddətinə həbs cəzasına məhkum edilib.
Əmirov özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib, qəzetdə jurnalist işlədiyini də söyləyib. O, vəd etdiyi köməyin müqabilində qadından 5 min manat alıb, lakin vədinə əməl etməyib.
Zərərçəkənin oğlu 2024-cü ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə külli miqdarda oğurluq, eləcə də 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması ittihamları irəli sürülüb. Sonuncu maddələrdə əməlin mütəşəkkil dəstə tərəfindən və müvafiq miqdarda törədilməsi nəzərdə tutulur.
Qadın Firudin Əmirovu qızının kişi dostu vasitəsilə tanıdığını bildirib. O, ifadəsində aldadıldığını, verdiyi 5 min manatın geri qaytarılmadığını deyib və şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.
Şikayətdən sonra Əmirov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb. Məhkəmə ona 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verib.