QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi vətəndaşlara müəyyən şərtlər daxilində mənzil əldə etmək imkanı verir. Son dövrlər bu üsulla götürülən evlərin başqalarına kirayəyə verilməsi məsələsi müzakirə olunur və bəzi kirayəçilər mənzili kirayələmək üçün şəxslər axtarırlar.

Fondun açıqlamasına görə, satmaq öhdəliyi ilə kirayə götürülmüş mənzili başqa şəxsin istifadəsinə vermək müəyyən hallarda mümkündür. Bu barədə qurum Oxu.Az-ın sorğusuna cavabında məlumat verib.

Mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi və kirayəçilərə dair şərtlər Prezidentin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiqlənən müvafiq Qayda əsasında tənzimlənir.

Fondun bildirdiyinə əsasən, mexanizmin məqsədi mənzil almaq istəyən, lakin şəxsi yığımları buna kifayət etməyən vətəndaşların mənzil ehtiyacını qarşılamaqdır. Buna görə də əldə edilən mənzil, əsasən, kirayəçinin və ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulur. Fond mənzildən başqa məqsədlərlə istifadəni ümumi qayda olaraq məqsədəuyğun saymır.

Bununla belə, kirayəçi mənzilin başqa şəxsə verilməsini zəruri edən səbəbləri əsaslandıraraq Fonda rəsmi müraciət edə bilər. Müraciət qurumun müəyyən etdiyi prosedurlara uyğun araşdırılır və onun əsasında qərar qəbul olunur.