QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, son həftələr Avropanın bir neçə ölkəsində soyuducu və dondurucu qurğuların idarəetmə sistemlərinə kiberhücumlar olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumata görə, 11 oktyabr 2026-cı ildə Fransada yüzlərlə supermarket hücumlardan zərər görüb. Noyabrın 2-də isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlər qeydə alınıb. Təhlükə ticarətlə yanaşı səhiyyə sektoruna da aiddir: Fransadakı qan banklarından birinin soyutma avadanlığına müdaxilə edildiyi barədə məlumat yayılıb.

Kiberdələduzlar sistemlərə icazəsiz daxil olaraq qurğuları əridilmə rejiminə keçirir və ya temperaturu 50°C-yə qədər qaldırırlar. Hadisələr əsasən gecə baş verdiyindən müdaxilə səhərə qədər nəzərdən qaça, saxlanılan məhsullar isə yararsız hala düşə bilər.

Hədəfə daha çox internetdən birbaşa əlçatan idarəetmə interfeysləri çevrilir. Diqqət mərkəzində istehsalçı dəstəyi olmayan “Danfoss AK-SM 800” və “AK-SC 355” modelləri, köhnə proqram təminatı ilə işləyən “AK-SM 800A” kontrollerləri, eləcə də “Copeland XWEB” və “Dixell XWEB” sistemləri var. İlkin qiymətləndirmədə əsas zəifliklər kimi standart giriş məlumatlarının saxlanması və proqram təminatının vaxtında yenilənməməsi göstərilir.

Nəticələr maddi zərərlə bitməyə bilər. Temperaturun dəyişməsi avadanlığın sıradan çıxmasına və yanğın təhlükəsinə yol aça, dərmanların və digər tibbi məhsulların lazımi şəraitdə saxlanmasını poza bilər.

MKA təşkilatları avtomatlaşdırılmış idarəetmə sistemlərinə, xüsusilə soyutma qurğularına qarşı kiberhücum ehtimalını nəzərə almağa çağırır. Agentlik idarəetmə interfeyslərinin internetə açıq olmasının məhdudlaşdırılmasını, uzaqdan qoşulmanın təhlükəsiz kanallarla həyata keçirilməsini tövsiyə edir.

Həmçinin standart istifadəçi adları və şifrələrin mürəkkəb, unikal məlumatlarla əvəzlənməsi, proqram təminatı və avadanlıqların müntəzəm yenilənməsi, istehsalçı dəstəyi bitən sistemlərin dəyişdirilməsinin planlaşdırılması məsləhət görülür. Giriş və əməliyyatların davamlı izlənməsi, qeyri-adi fəaliyyətlərin vaxtında aşkarlanması, temperaturda kəskin dəyişikliklər üçün xəbərdarlıq sistemlərinin qurulması və ehtiyat müdaxilə prosedurlarının hazırlanması da tövsiyələr sırasındadır.