QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, yazıçı Seyran Səxavət “Xəzər” televiziyasının “İncə səhər” proqramında çıxışının montaj edilməsinə etiraz edib və kanalın direktoru Murad Dadaşova müraciət ünvanlayıb.

Səxavət sosial şəbəkədəki paylaşımında efirdə səsləndirdiyi bəzi fikirlərin, o cümlədən dövlətin rəsmi statistikasına aid məlumatların yayımdan çıxarıldığını qeyd edib. O, məsələ ilə bağlı araşdırma aparılmasını və ona rəsmi cavab verilməsini istəyib.

Yazıçı müraciətində bildirib ki, ayın 3-də saat 10:00-da yayımlanan verilişə qonaq qismində qatılıb. Onun sözlərinə görə, studiyadakı texniki heyət çıxışını alqışlasa da, dediklərinin bir hissəsi efirə verilməyib.

Səxavət Murad Dadaşovla münasibətlərinin olduğunu xatırladaraq, rəsmi statistika barədə dediklərinin kəsilməsini və digər fikirlərinin ixtisar edilməsini anlamadığını vurğulayıb. O, “Xəzər” televiziyasının əməkdaşlarına hörmət bəslədiyini, lakin sözə və həqiqətə daha çox dəyər verdiyini yazıb.

Paylaşımında yazıçı verilişin redaktorunun onu montaj etdiyini bildirərək, 81 yaşında olduğunu və artıq özünün redaktə ediləcəyi dövrü keçdiyini qeyd edib. O, oxucularını “İncə səhər” proqramına baxmamağa çağırıb və Murad Dadaşovdan məsələni araşdıraraq rəsmi cavab verməsini gözlədiyini bildirib.