QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko 1917-ci il Oktyabr inqilabının ildönümündə inqilabların əleyhinə olduğunu bildirib. Ölkədə 7 noyabr dövlət bayramı kimi qeyd olunur.
Lukaşenko bu fikirləri Mogilyov vilayətinin Qovyadı aqroşəhərciyində sakinlərlə görüş zamanı səsləndirib.
“İnqilabların limiti çoxdan bitib. Mən inqilab tərəfdarı deyiləm və tarixçi kimi belə hadisələrin ölkəmizdə təkrarlanmasını istəmirəm”, – Belarus lideri deyib.
O, Belarusda Oktyabr İnqilabı Gününün bayram statusunda saxlanılmasının səbəbini də açıqlayıb. Prezidentin sözlərinə görə, bu tarix yaşlı nəslin çoxsaylı nümayəndələri üçün xüsusi məna daşıyır.
“Amma bizə daha inqilab lazım deyil”, – Lukaşenko əlavə edib.
Bununla belə, Belarus rəhbəri 1917-ci il hadisələrinin müsbət tərəflərini də qeyd edib. Onun fikrincə, həmin hadisələr Belarus torpaqlarına müstəqillik əldə etmək imkanı verib və ölkənin müasir dövlətçiliyinin başlanğıcı həmin dövrlə bağlıdır.
Beləliklə, Lukaşenko Oktyabr inqilabını Belarusun tarixində əhəmiyyətli mərhələ kimi dəyərləndirsə də, ölkədə yeni inqilabların baş verməsini istəmədiyini bildirib.