QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına yaxın istifadəyə verilməsi gözlənilir. Bu barədə deputat Vüqar Bayramov Naxçıvanda jurnalistlərlə söhbətində məlumat verib.
Bayramov bildirib ki, TRIPP layihəsi Ermənistan parlamentində müzakirə edilib və həmin ölkədə marşrut üzrə avtomobil yolunun inşasına başlanıb. Azərbaycan ərazisində isə dəhlizin keçdiyi hissədə işlər sona yaxınlaşır. Avtomobil yolu artıq tamamlanıb, dəmir yolu ilə bağlı işlərin 2027-ci ilin əvvəlində yekunlaşdırılması planlaşdırılır.
Deputat qeyd edib ki, indiyədək görülən işlər dəhlizin 2028-ci ilin sonuna yaxın fəaliyyətə başlaması ehtimalını artırır.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən marşrut olmaqla yanaşı, regionun iqtisadi inkişafına töhfə verəcək strateji layihədir. Dəhliz Türk dünyası arasında quru əlaqəsini təmin etməklə yanaşı, Orta dəhlizin, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının inteqrasiyasına şərait yaradacaq.
Bayramov layihənin həyata keçirilməsinin Naxçıvanın iqtisadi inkişafı üçün yeni imkanlar açacağını vurğulayıb. O bildirib ki, 2026-cı ildən muxtar respublikada Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən vergi güzəştləri qüvvəyə minəcək. Bu addım investisiya mühitinin yaxşılaşdırılmasına yönəlib. Güzəştlərə istehsala yatırılan investisiyalar üçün bəzi vergilərdən 10 il müddətinə azadolma və investisiya məqsədli idxal mallarının əlavə dəyər vergisindən azad edilməsi daxildir.
Deputat əlavə edib ki, dəhliz üzrə görülən işlər, Naxçıvan iqtisadiyyatına dövlət dəstəyinin genişləndirilməsi, vergi güzəştləri və dövlət proqramları muxtar respublikanın inkişafını sürətləndirə bilər.
O, Prezidentin Naxçıvana son səfəri zamanı investisiyalarla bağlı verilən qərarların sərmayə qoyuluşunun artmasına və iqtisadi inkişafın möhkəmlənməsinə töhfə verəcəyini də bildirib.