QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Microsoft-un sistemlərində qeydə alınan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar ziyan vura bilər.
RSM Australia şirkətinin kibertəhlükəsizlik eksperti Aşvin Pal bildirib ki, sistemlərin 12 saat işləməməsi ərzində maliyyə itkiləri ciddi həddə yüksəlib. Onun qiymətləndirməsinə görə, birbaşa və dolayı zərərlər birlikdə milyardlarla dollar təşkil edə bilər.
Palın sözlərinə görə, bəzi müştərilər işin davamlılığını qorumaq və qəza sonrası bərpa planlarını tətbiq etmək üçün tədbirlər görüblər. Lakin şirkətlərin əksəriyyətinin ehtiyat planı olmayıb və onlar ciddi problemlərlə qarşılaşıblar. Ekspert belə bir hadisənin baş verməsindən dərin şok keçirdiyini də bildirib.
Əvvəlki məlumatlarda qeyd olunub ki, Microsoft-dakı nasazlıq Avstraliya Federal Polisinə (AFP) və Təhlükəsizlik və Kəşfiyyat Xidmətinə (ASIO) də təsir edib. Problemlər dövlət qurumlarında, məktəblərdə və ali təhsil müəssisələrində də qeydə alınıb.
Microsoft serverlərin işini bərpa etmək üçün prosesin davam etdiyini, bəzi bölgələrdə xidmətlərin qismən bərpasına nail olunduğunu açıqlayıb. Downdetector platformasının məlumatına əsasən, cümə axşamı axşamı istifadəçilər şirkətin bir sıra xidmətlərindəki kəsintilər barədə çoxsaylı şikayətlər göndəriblər. Müraciətlərin əksəriyyəti ABŞ-dən daxil olub: 131 min nəfər Outlook, 46 min nəfər Microsoft 365, 5,8 min nəfər Copilot, 4,5 min nəfər isə Microsoft Teams ilə bağlı problem yaşadığını bildirib.