QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, valideyn vəfat etdikdən sonra onun kredit öhdəliyi ilə bağlı məsələlər övladlar üçün gözlənilməz problemə çevrilə bilər. Bəzi hallarda banklar borcun ödənilməsini mərhumun uşaqlarından tələb edirlər.
Vəkil Ramil Süleymanov bildirib ki, övladların borca görə məsuliyyəti mirası qəbul edib-etməmələrindən və aldıqları paydan asılıdır.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəlik qaydalarına əsasən, mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında öhdəlik daşıyırlar. Bu məsuliyyət onların əldə etdikləri miras payına uyğun müəyyən edilir.
Vəfat etmiş şəxsin banka, fiziki şəxsə və ya müəssisəyə qarşı yerinə yetirilməmiş borcu, o cümlədən krediti olduqda, ödəniş vərəsələrin üzərinə düşə bilər. Bununla belə, vərəsələr yalnız qəbul etdikləri mirasın dəyəri və payı çərçivəsində cavabdehdirlər.
Süleymanov qeyd edib ki, mərhumdan miras qalmayıbsa və övladlar da heç bir əmlakı qəbul etməyiblərsə, bankın onlardan borcun ödənilməsini istəməsi üçün hüquqi əsas yoxdur. Belə vəziyyətdə vərəsələr bankın tələbini rədd edə bilərlər, çünki mirası qəbul etmədiklərinə görə mərhumun borclarına görə məsuliyyət daşımırlar.