QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda icazə verilən müddətdən artıq qalan rusiyalı ailələrin övladları ölkəyə təkrar giriş zamanı məhdudiyyətlərlə üzləşə bilər. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

Hüseynovun sözlərinə görə, 2025-ci il yanvarın 1-dən qüvvədə olan qaydalara əsasən, Rusiya Federasiyası vətəndaşları bir təqvim ili ərzində Azərbaycanda 90 gün qala bilərlər. Bu müddəti aşmaq və ya ölkədə uzun müddət yaşamaq istəyənlər qanuni əsasları olduqda müddətin uzadılması, yaxud yaşama icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Xidmət rəisi bildirib ki, ölkədən çıxan şəxslərə Azərbaycanda qalma müddətinin bitdiyi barədə məlumat verilir. Qalma müddətinin qalan hissəsini isə Dövlət Miqrasiya Xidmətinin saytındakı elektron kalkulyatorla hesablamaq mümkündür.

Onun qeyd etdiyi kimi, son aylarda miqrasiya müddəti qaydalarının pozulması, xüsusən də yetkinlik yaşına çatmayan uşaqlarla bağlı hallar çoxalıb. Sərhəd-keçid məntəqələrində edilən fərdi xəbərdarlıqlar nəzərə alınmadıqda, uşaqlar və ailələri Azərbaycana yenidən gələrkən maneələrlə qarşılaşırlar.

Vüsal Hüseynov valideynləri, xüsusilə azyaşlı övladları olan ailələri diqqətli olmağa çağırıb. O, uşaqların ölkədə qalma müddətinə və sərhəddə verilən məlumatlara nəzarət edilməsini, müvafiq hüquqi əsaslar olduqda isə müddətin uzadılması üçün vaxtında müraciət olunmasını vurğulayıb.