QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Misirin Giza vilayətində iki sərnişin qatarının toqquşması nəticəsində 60-a yaxın insan xəsarət alıb, dörd vaqon relsdən çıxıb.

Qəza Əl-Ayyat şəhərinin Cərza yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Dəmir yolu sektorundakı mənbənin məlumatına görə, toqquşan qatarlar № 134 və № 2010 olub.

Hadisə yerinə 20 təcili tibbi yardım maşını cəlb edilib. Vilayətdəki xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Operativ xidmətlərin əməkdaşları və dəmir yolu qurumunun nümayəndələri ərazidə vəziyyəti qiymətləndirir, qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparırlar.

Qəzanın səbəbləri və xəsarət alanların dəqiq sayı araşdırılır.