QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Moskvanın Çertanovo rayonunda avtomobilin partlaması zamanı xəsarət alan şəxsin Sergey Zavorotnı olduğu müəyyənləşib. Rusiya İstintaq Komitəsi onun Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun sabiq müşaviri olduğunu təsdiqləyib.
Partlayışdan sonra Zavorotnı xəstəxanaya aparılıb. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı sui-qəsd maddəsi üzrə cinayət işi başladıb.
Sergey Zavorotnının adı ABŞ Senatının Kəşfiyyat Komitəsinin Rusiyanın 2016-cı ildə keçirilən ABŞ prezident seçkilərinə müdaxiləsinə dair hesabatında da yer alıb. Hesabatda o, 33949 saylı hərbi hissənin hərbçisi kimi qeyd olunub. Həmin hissənin Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə tabe olduğu bildirildiyindən, Zavorotnının kəşfiyyat əməkdaşı olması ilə bağlı iddialar irəli sürülüb.
Sızdırılmış məlumatlarda onun Moskva şəhəri, Kirovoqradskaya küçəsi, 2 ünvanında yaşadığı göstərilir. Bu yer avtomobilin partladığı Kirovoqradskaya küçəsi, 8k2 ünvanından maşınla təxminən beş dəqiqəlik məsafədədir.
Noyabrın 13-də səhər Çertanovo rayonunda Zavorotnıya məxsus “Toyota” markalı avtomobildə partlayış qeydə alınıb. İlkin məlumatlara əsasən, maşın təxminən 200 metr hərəkət etdikdən sonra partlayıb.
Teleqram kanallarında yayılan məlumata görə, kustar üsulla hazırlanmış partlayıcı qurğu sürücü oturacağının altına yerləşdirilib. Hadisənin səbəbləri və mümkün sifarişçiləri araşdırılır.