QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, istilik xidmətinə görə borcları ödənilməyən binalara istilik verilməyəcək. Bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.
Qurumun bildirdiyinə görə, sabahdan paytaxtda və ölkənin bir çox başqa ərazisində istilik mövsümü başlayır. Abonentlərin böyük hissəsi ödənişləri vaxtında edib və ötən mövsümdən borcu qalmayıb.
Bununla belə, bəzi ərazilərdə xidmət haqlarının ödənilməsi aşağı göstəricidədir. Sabunçu rayonunun Ramana qəsəbəsində 63,5 min manatlıq xidmətin 33,4 faizi, Sumqayıtda 173,7 min manatlıq xidmətin 41,6 faizi ödənilib. Bərdədə 319,6 min manatlıq xidmət üzrə ödəniş 29,5 faiz, Ağcabədidə 121,3 min manatlıq xidmət üzrə 17,5 faiz təşkil edib. Tərtərdə 255,2 min manatlıq xidmətin 24,6 faizi, Goranboyda isə 93,4 min manatlıq xidmətin 46 faizi ödənilib.
“Azəristiliktəchizat” xəbərdarlıq edib ki, ödənişlər həyata keçirilməsə, qazanxanaların fəaliyyəti dayandırılacaq.
İstilik mövsümündə təxminən 178 min mənzilin istiliklə təmin olunması planlaşdırılır. İqlimi nisbətən soyuq olan və qurumun xidmət göstərdiyi 18 rayonda istilik verilişinə noyabrın 1-dən başlanıb.