QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 39 yaşlı Aya Kadzı turistlərlə Tokionu gəzir, şəhərin görməli yerlərini tanıdır və yapon, ingilis dillərində söhbət edir. O, bütün bunları mənzilindən çıxmadan, küçələrdə hərəkət edən OriHime robotu vasitəsilə həyata keçirir.
2022-ci ildə dağınıq skleroz diaqnozundan sonra Aya əvvəlcə yerimək, ardınca isə işləmək imkanını itirib. Buna baxmayaraq, o, cəmiyyətdən təcrid olunmayıb. Onun xarici aləmlə ünsiyyətini 23 santimetr hündürlüyündə robot təmin edir.
Kamera, mikrofon, hərəkətli qollar və başla təchiz olunmuş OriHime-ni turistlər xüsusi dayağa yerləşdirib çiyinlərində daşıyırlar. Aya isə qurğunu evindən idarə edir, insanlarla danışır və onlara şəhəri göstərir.
Robotun yaradılmasının arxasında yapon mühəndis Kentaro Yoşifucinin şəxsi təcrübəsi dayanır. Uşaqlıqda səhhətində yaranan problemlərə görə o, üç ildən artıq müddət ərzində, demək olar, evdən çıxa bilməyib. Həmin vaxt Kentaro fiziki bədəni hərəkət edə bilməyən insanın əvəzinə fəaliyyət göstərəcək başqa bir bədənin yaradılmasının mümkünlüyü barədə düşünüb.
Bu sual sonradan onun əsas layihəsinə çevrilib. Universitetdə oxuyarkən Kentaro ilk uzaqdan idarə olunan robotunu düzəldib. Dostları onu mühazirələrə apararaq auditoriyanın önündə yerləşdirirdilər. Uzaqdan robotu idarə edən Kentaro başını tərpədə, əlini qaldıra və tələbə yoldaşları ilə ünsiyyət qura bilirdi.
İlk vaxtlar müəllimlər bu üsula qarşı çıxsalar da, daha sonra onun robot vasitəsilə dərslərə qatılmasına razılıq veriblər. Beləcə, Kentaro auditoriyada fiziki olaraq iştirak etmədən təhsilini davam etdirib.
2021-ci ildə mühəndis Tokioda OriHime robotları ilə idarə olunan kafe açıb. Burada hərəkət imkanları məhdud olan təxminən 80 nəfər çalışır. İşçilər evlərindən robotlar vasitəsilə müştəriləri qarşılayır, sifariş götürür, qonaqlarla danışır və xidmət göstərirlər. Bəziləri qurğunu göz hərəkətləri ilə idarə edə bilir.
Kentaro robotların yalnız kafe daxilində istifadəsi ilə kifayətlənməyərək şəhər turlarının təşkili ideyasını irəli sürüb. Aya Kadzı bu işi öyrənən ilk könüllülər sırasında yer alıb. İndi o, evindən çıxmadan Tokionu turistlərə tanıdır, onların suallarını cavablandırır və şəhərin ab-havasını onlarla bölüşür.
Bəzi xarici turistlər Aya ilə söhbətdən sonra Yaponiyaya səfərləri zamanı heç bir yaponla bu qədər uzun və səmimi danışmadıqlarını bildiriblər.
CNN jurnalisti gəliri barədə soruşduqda Aya öz pulunu qazandığını deyib. Onun sözlərinə görə, bu, kiçik şəxsi arzularını gerçəkləşdirməyə də şərait yaradır. Aya sumo güləşinin böyük azarkeşidir.