QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin müxalif Yeni Partiyasının rəhbəri Özgür Özəl Azərbaycana səfər etmək niyyətindədir. Partiyanın xarici siyasət koordinatoru İlhan Üzgəl bu barədə Modern.az-a müsahibəsində danışıb.
Üzgəlin sözlərinə görə, Özəl 2024, 2025 və 2026-cı illərdə Zəfər Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Partiya nümayəndəsi Azərbaycanla münasibətləri “partiyalarüstü, strateji və uzunmüddətli dövlət siyasəti” kimi dəyərləndirib.
Üzgəl bildirib ki, partiya Azərbaycanla siyasi təmasların və qarşılıqlı səfərlərin genişlənməsini istəyir. Onun sözlərinə görə, Özəlin Azərbaycana gəlməsi məmnuniyyətlə qarşılanar, lakin hələlik səfər üçün konkret tarix müəyyənləşdirilməyib. O, Türkiyə-Azərbaycan əlaqələrinin gücləndirilməsinə konstruktiv töhfə verməyə hazır olduqlarını və bu mövqeyi İlham Əliyevə də çatdırdıqlarını söyləyib.
Bu fonda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) parlament və prezident seçkilərinin 2028-ci ildən əvvəl, 2027-ci ilin mayında keçirilməsi ehtimalı müzakirə edilir. “Cümhuriyyət” qəzetinin məlumatına əsasən, AKP daxilində seçkilərin vaxtının irəli çəkilməsi ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir. Partiyanın bəzi nümayəndələri isə siyasi və iqtisadi vəziyyətə görə 2027-ci ilin noyabrını daha real sayırlar.
Deputat Bəhruz Məhərrəmov Musavat.com-a açıqlamasında Özəlin səfər niyyətini strateji müttəfiqliyin davamlılığı və Türkiyənin demokratik sistemindəki siyasi rəqabət baxımından əhəmiyyətli hesab edib.
Onun fikrincə, müxalifətin təşkilati və xarici siyasət fəaliyyətini artırması siyasi proseslərin təbii hissəsidir. Məhərrəmov qeyd edib ki, bu səfər təşəbbüsü Türkiyə-Azərbaycan münasibətlərinin ölkədaxili siyasi konyukturadan asılı olmadığını göstərir. O, Üzgəlin münasibətləri dövlət siyasəti kimi təqdim etməsini və Özəlin Zəfər Günü münasibətilə İlham Əliyevə zəng etməsini Türkiyənin əsas siyasi qüvvələrinin Bakı ilə müttəfiqliyə ortaq yanaşmasının göstəricisi kimi qiymətləndirib.
Deputat əlavə edib ki, bu mövqe Şuşa Bəyannaməsi ilə müəyyənləşdirilən strateji tərəfdaşlığın Türkiyə cəmiyyətində və siyasi spektrin müxtəlif təbəqələrində dəstək gördüyünü nümayiş etdirir.
Məhərrəmmovun qənaətinə görə, təşəbbüsün əsas məqsədlərindən biri dövlətlərarası münasibətlərdə konstruktiv dialoqu genişləndirməkdir. O bildirib ki, müxalifət lideri Azərbaycanla birbaşa təmaslar vasitəsilə regional proseslər və ikitərəfli əməkdaşlıq barədə məlumat mübadiləsi aparmaq istəyir. Eyni zamanda, deputatın sözlərinə görə, Türkiyədə Azərbaycanla həmrəylik və Türk dünyası ilə inteqrasiya dövlətçilik ənənələrinə bağlılığın göstəricisi sayılır.
Məhərrəmmov vurğulayıb ki, rəsmi Bakı Türkiyənin daxili siyasi proseslərinə neytral yanaşır, bununla yanaşı, iki ölkənin müttəfiqliyini gücləndirməyə çalışan qanuni siyasi institutlarla açıq və konstruktiv dialoqu dəstəkləyir.