QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyəli bloger və səyyah Hamdi İxtiyar Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətindən görüntülər paylaşıb. Görüş zamanı səmimi dialoqla yanaşı, regional əməkdaşlıq və gələcək imkanlar da müzakirə olunub.
Söhbətin diqqət çəkən məqamlarından biri Paşinyanın arxa planda səslənən türk mahnısının siyasi məqsəd daşıyıb-daşımadığını soruşması olub. İxtiyar musiqinin Türkiyənin tanınmış ifaçısı Tarkanın “Kiss Kiss” mahnısı olduğunu bildirib və Paşinyandan müğənnini tanıyıb-tanımadığını soruşub. Ermənistanın baş naziri “Əlbəttə, tanıyıram” cavabını verib.
Daha sonra tərəflər qardaşlıq və sülh barədə fikirlərini bölüşüblər. İxtiyar Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasından məmnun olduğunu deyib. O, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyənin regionda birgə fəaliyyətinin bütün xalqların xeyrinə olacağını vurğulayıb.
Paşinyan əməkdaşlıq, sülh və rifah naminə çalışmağın önəmini qeyd edib və bu istiqamətdə artıq irəliləyiş olduğunu bildirib.
Söhbətin sonunda İxtiyar COP31-in simvolu olan “Karetta-karetta” tısbağasını zarafatla Paşinyana göstərib. Dialoq xoş atmosferdə yekunlaşıb.