QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında monitorinq aparıblar.

Yoxlamaların məqsədi pasiyentlərin saxlanma şəraitini, onlarla rəftarı, psixiatriya yardımının təşkilini, həmçinin hüquq və qanuni mənafelərinin qorunması vəziyyətini öyrənmək olub.

Araşdırma zamanı hər iki müəssisədə pasiyentlərin maddi-məişət təminatının, mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə təchizatının yetərli olmadığı, yataq ləvazimatlarının istifadəyə yararsız hala düşdüyü müəyyənləşib. Qidalanmanın təşkili və kadr təminatında da çatışmazlıqlar qeydə alınıb, binalarda təmirə ehtiyac olduğu bildirilib.

Yaqub Budaqov adına dispanserdə ixtisaslı həkim ştatları üzrə vakant yerlərin olduğu aşkarlanıb. Qidalanmanın təsdiqlənmiş menyu ilə təşkil edilmədiyi, gündəlik qida normalarına tam əməl olunmadığı və camaşırxana avadanlıqlarının işləmədiyi də müəyyən edilib. Kadr çatışmazlığının peşəkar tibbi xidmətlərə çıxışa təsir etdiyi vurğulanıb.

Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında kişi və qadın şöbələrinin bəzi palatalarında istilik olmayıb. Sanitariya-gigiyena şəraiti qənaətbəxş qiymətləndirilməyib, sanitar qovşaqlarının texniki vəziyyətində problemlər, pasiyentlərin menyusunda tərəvəzlərin olmaması və sənədləşmədə nöqsanlar qeydə alınıb.

Ombudsman Aparatının məlumatında bildirilib ki, aşkarlanan hallar “Psixiatriya yardımı haqqında” qanunun tələbləri çərçivəsində pasiyent hüquqlarının qorunması, yaşayış şəraitinin və psixiatriya yardımının yaxşılaşdırılması üçün tədbirlər görülməsini tələb edir.

Müəssisə rəhbərliklərinə hüquq və qanuni mənafelərin təminatı, mövcud şəraitin yaxşılaşdırılması, psixiatriya xidmətinin təşkili və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. Yoxlamaların nəticələri barədə Səhiyyə Nazirliyinə müraciət ediləcək.