QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkovun auditoriya qarşısında inamlı çıxış etməsi universitet illərindəki teatr fəaliyyəti ilə bağlı ola bilər. Bu barədə Moskva Dövlət Linqvistika Universitetinin ingilis dili fakültəsinin dekanı Kseniya Qolubina “RİA Novosti”yə danışıb.

Qolubinanın sözlərinə görə, Sadıkov MDLU-da oxuduğu vaxt İngilis teatrının fəal iştirakçılarından olub. Dekan həmin təcrübənin onun yaradıcı tərəfini üzə çıxardığını və ictimaiyyət qarşısında parlaq nitq qabiliyyətinin formalaşmasına təsir göstərdiyini qeyd edib.

Sadıkov noyabrın 12-də Kremldə Putinin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə apardığı danışıqlarda tərcüməçi kimi iştirak edib. Görüş zamanı onun nitqi diqqət çəkib.

2008-ci ildə MDLU-dan məzun olan Sadıkov əvvəllər də Rusiya prezidentinin ABŞ nümayəndələri ilə görüşlərində tərcüməçilik edib. O, ötən ilin avqustunda Alyaskada keçirilən Rusiya-ABŞ sammitində də bu vəzifəni yerinə yetirib.