QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 20-də Azərbaycan Milli QHT Forumunda səhiyyə islahatlarına və dövlətlə vətəndaş cəmiyyəti arasında dialoqa həsr olunan görüş keçirilib. Tədbirdə səhiyyə sahəsində çalışan 20-yə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib.

Görüş Milli QHT Forumunun idarə heyətinin üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə təşkil olunub. Forumun idarə heyətinin sədri Ramil İskəndərli açılışda bildirib ki, müzakirələrin məqsədi səhiyyə sisteminin bütün istiqamətlərinin əhali üçün əlçatan olması naminə dövlət və vətəndaş cəmiyyəti arasında səmərəli əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.

İctimai birliklərin rəhbərləri və nümayəndələri səhiyyə sahəsində gördükləri işlər barədə məlumat verərək təkliflərini səsləndiriblər. Müzakirələr qarşılıqlı fikir mübadiləsi şəraitində aparılıb və iştirakçıların hamısının fikirləri dinlənilib.

Görüşdə əlilliyi olan şəxslərin sağlamlıqla bağlı ehtiyacları, kistoz-fibroz, vərəm, hemofiliya və şəkərli diabetlə mübarizə tədbirləri, pasiyentlərə yardım, eləcə də uşaqların psixi sağlamlığının qorunması məsələləri müzakirə edilib və təkliflər irəli sürülüb.

Pərvanə Vəliyeva bildirib ki, qaldırılan məsələlərin bir qisminin qanunvericilik çərçivəsində həlli üçün aidiyyəti qurumlara müraciətlər ediləcək. Deputat vətəndaş cəmiyyəti ilə bu istiqamətdə əlaqələrin davam etdiriləcəyini də qeyd edib.