QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın bölgələrində həftəsonu istirahətinin qiyməti seçilən marşrutla yanaşı, nəqliyyat, qalmaq üçün yer və əlavə xidmətlərdən asılı olaraq dəyişir. Qəbələ, Quba, Şəki, İsmayıllı və Qusar qısa səfərlər üçün üstünlük verilən istiqamətlər arasındadır.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, eyni rayonda həm daha qənaətli, həm də yüksək qiymətə istirahət variantları tapmaq mümkündür.

Onun açıqladığı təxmini hesablamaya əsasən, Bakıdan təşkil edilən birgünlük qrup turunun qiyməti adambaşına 25–50 manatdır. Qidalanma və əlavə xidmətlər də nəzərə alındıqda bu məbləğ 45–80 manata yüksəlir.

İki nəfərin bir gecə qalmaqla iki günlük səfəri üçün Şamaxı–Pirqulu istiqamətində 150–250 manat, İsmayıllı–Lahıc–Basqal marşrutunda 180–280 manat, Quba–Qusarda 210–350 manat büdcə tələb oluna bilər. Qəbələdə bu göstərici 220–400 manat, Şəki–Qax–Zaqatalada 190–320 manat, Lənkəran–Lerik–Astarada 210–340 manat, Gəncə–Göygöl istiqamətində isə 200–330 manatdır.

Göstərilən məbləğlərə yol xərcləri, bir gecəlik qalma, qidalanma və sadə istirahət daxildir. Beşulduzlu hotellər, SPA, dağ-xizək mərkəzləri və fərdi villalar seçilərsə, ümumi xərc arta bilər. Samir Dübəndi payız-qış mövsümündə endirimlərdən yararlanmağın, ailəvi qonaq evlərində qalmağın və səfəri qabaqcadan planlaşdırmağın büdcəyə qənaət etməyə kömək edə biləcəyini deyib.

O, daxili turizmdə müxtəlif gəlir səviyyəli insanlar üçün əlçatan və keyfiyyətli təkliflərin yaradılmasının vacibliyini vurğulayıb. Dübəndinin sözlərinə görə, ölkə daxilində müntəzəm səfərlər həm insanların sosial rifahı, həm də bölgələrin iqtisadi inkişafı üçün əhəmiyyət daşıyır.