QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya Xokkey Federasiyasının prezidenti Vladislav Tretyak ölkə yığmasının Almaniyada keçiriləcək xokkey yarışlarına buraxılmayacağı halda kompensasiya tələb edəcəklərini açıqlayıb.

Tretyakın sözlərinə görə, məsələ ilə bağlı Beynəlxalq Xokkey Federasiyasının (IIHF) Etika Komissiyasına müraciət edilib. O bildirib ki, Kanada və Almaniya Rusiya komandasının iştirakına icazə verməsələr, kompensasiya tələb olunacaq, turnirin başqa məkana keçirilməsi üçün çalışılacaq və təşkilatçılara sanksiya tətbiqi istəniləcək.

Rusiya prezidenti Vladimir Putin də mövzuya münasibət bildirərək ölkəsinin idman hüququ mexanizmlərindən yararlanmaqla idmançıların beynəlxalq yarışlara qayıtmasına çalışacağını deyib. O, qəbul olunmuş qərarları, o cümlədən İdman Arbitraj Məhkəməsinin qərarlarını hüquqi yolla müdafiə etməyin vacibliyini vurğulayıb.

İdman Arbitraj Məhkəməsi oktyabrın sonunda Rusiya xokkey yığmasının yarışlarda iştirakına icazə verilməsi barədə qərar çıxarıb. Buna baxmayaraq, Almaniya hökuməti Rusiya komandasının iştirakı ilə dünya çempionatının təşkilini “faktiki olaraq mümkünsüz” saydığını bildirib.

Məlumata əsasən, yarışa qatılacaq milli komandaların yarısı Rusiya yığmasına qarşı oynamaq istəmir. İlin sonunda gənclər arasında dünya çempionatına ev sahibliyi edəcək Kanada isə Rusiya komandasının üzvlərinə viza verilməyəcəyini açıqlayıb. Bu addım rusiyalı idmançıların ölkəyə daxil olmasına faktiki maneə yaradır.

Almaniya Xokkey İttifaqı (DEB) da problemin tezliklə həll olunmasını istəyərək IIHF-yə müraciət edib. Təşkilatın rəhbəri Frank Lutz qərarın bir gecədə verilə bilməyəcəyini anladıqlarını, lakin məsələnin həftələrlə uzanmasını qəbulolunmaz hesab etdiklərini söyləyib.

Lutzun sözlərinə görə, ev sahibi ölkə üçün Rusiyanın federasiyadakı üzvlüyünün bərpası və bunun dünya çempionatına yarada biləcəyi təsirlər ciddi iqtisadi riskdir. Rusiya beynəlxalq yarışlara idman hüququ mexanizmləri ilə dönməyə çalışsa da, Almaniya və Kanadanın mövqeyi, eləcə də digər komandaların etirazları prosesi çətinləşdirir.