QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasına qatılan parlament sədrləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla bir araya gəliblər.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament qurumlarının üzv ölkələr arasında əməkdaşlığı dərinləşdirməkdə rolunu vurğulayıb. O, qanunvericilik sahəsində əlaqələrin genişləndirilməsinin də əhəmiyyətinə diqqət çəkib.
Qurbanqulu Berdiməhəmmədov MDB Parlamentlərarası Assambleyasının fəaliyyətini müsbət qiymətləndirib. Görüşdə qurumun uzun illər ərzində dövlətlərarası qarşılıqlı fəaliyyət üçün dayanıqlı qanunvericilik bazası yaratmaq istiqamətində səmərəli çalışdığı bildirilib.
Berdiməhəmmədov parlament sədrlərinə Türkmənistanın təşkilata üzv ölkələrlə uzun müddət ərzində qurulmuş mütərəqqi münasibətləri və birgə layihələri barədə məlumat verib. O, bu istiqamətdə işi davam etdirmək niyyətində olduqlarını qeyd edib.