QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Sankt-Peterburqun Kalinin rayonunda qadınlara yardım və böhran mərkəzinin qarşısında 28 yaşlı Yaqub Süleymanov keçmiş həyat yoldaşını bıçaqlayıb. Hadisə günorta saatlarında baş verib.
Məlumata görə, 25 yaşlı qadın mərkəzin giriş qapısının açılmasını gözləyərkən Süleymanov onu binadan zorla çıxarıb və səkkiz dəfə bıçaqlayıb. Qadın yerə yıxıldıqdan sonra da onun baş nahiyəsinə zərbələr endirib.
Mərkəzin əməkdaşının qapını açaraq hadisəni görməsi hücumçunu ərazidən qaçmağa vadar edib. Bir qədər sonra Süleymanov özü hüquq-mühafizə orqanlarına zəng edərək cinayəti törətdiyini bildirib. Polis onu bir neçə dəqiqə ərzində saxlayıb.
Ağır xəsarətlərlə xəstəxanaya aparılan qadının həyatını həkimlər xilas edə bilməyib.
İlkin araşdırmalara əsasən, qadın mütəmadi fiziki və psixoloji zorakılığa məruz qaldığı üçün əvvəllər dəfələrlə polisə şikayət edib. Təzyiqlərə dözməyərək 2026-cı ilin sentyabrında övladını götürüb ərindən ayrılıb və gizlənib. Süleymanov isə onun itkin düşməsi ilə bağlı polisə rəsmi müraciət edib, eyni zamanda öz təşəbbüsü ilə axtarış aparıb.
Hadisə günü qadının sığınacaq və hüquqi dəstək almaq üçün böhran mərkəzinə gəldiyi bildirilir. Əslən Azərbaycandan olan Süleymanov Rusiya vətəndaşıdır. Onun üç övladı var; qətlə yetirilən qadınla nikahından dünyaya gələn ən kiçik övladı beş yaşlı oğlandır.
Fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə, yəni xüsusi amansızlıqla adam öldürmə ittihamı əsasında cinayət işi açılıb. İstintaq tədbirləri davam edir. Yaxın saatlarda məhkəmənin şübhəli barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir. Təqsiri sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.
Bundan əvvəl Süleymanov terror aktı hazırlığı ilə bağlı iş üzrə məhkum olunub. O, 2017-ci ilin dekabrında Sankt-Peterburqdakı Kazan kilsəsində terror aktı planlaşdıran Yevgeni Yefimovun tanışı olub. Yefimov həmin ilin noyabrında partlayıcı maddə hazırlamaq üçün qaraj kirayələmək niyyətində olduğunu, dekabrda isə partlayışa hazır olduğunu Süleymanova deyib. Süleymanov onu fikrindən daşındırmağa çalışsa da, hüquq-mühafizə orqanlarına məlumat verməyib. Buna görə 2018-ci ilin dekabrında Kalinin Rayon Məhkəməsi onu “cinayət barədə məlumat verməmə” maddəsi ilə təqsirli bilərək 70 min rubl cərimələyib.