QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, smartfon istifadəçiləri arasında şəxsi söhbətlərin dinlənilməsi ilə bağlı şübhələr, danışdıqları məhsul və xidmətlərə aid reklamları qısa müddət sonra internetdə görmələri ilə daha da artır. Bununla belə, reklamların yaranması üçün telefon mikrofonunun söhbətləri qeydə alması mütləq deyil.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Kamran Əsədullayev bildirib ki, mövcud araşdırmalar smartfonların reklam məqsədilə insanları mütəmadi dinlədiyini göstərən ümumi və etibarlı sübut ortaya qoymayıb. Onun sözlərinə görə, reklam texnologiyaları istifadəçilərin maraqlarını müəyyənləşdirmək üçün mikrofon məlumatlarına ehtiyac duymur.

Tətbiqlər və rəqəmsal platformalar axtarışları, izlənilən videoları, sosial şəbəkə fəallığını, məkan məlumatlarını və digər rəqəmsal izləri təhlil edə bilir. Bu göstəricilərdən istifadə etməklə insanların maraqları, vərdişləri və mümkün ehtiyacları müəyyənləşdirilir, sonra onlara uyğun reklamlar göstərilir.

Məsələn, avtomobil modeli ilə maraqlanan şəxsin internetdəki axtarışları, izlədiyi videolar və oxşar materiallarla qarşılıqlı əlaqəsi reklam alqoritmlərinə həmin məhsula maraq olduğunu göstərə bilər. İstifadəçi məhsulu birbaşa axtarmasa belə, əvvəlki rəqəmsal davranışları əsasında onunla əlaqəli elanlarla rastlaşa bilər.

Əsədullayevin sözlərinə görə, toplanan məlumatlar reklamdan əlavə istifadəçi davranışlarını öyrənmək, xidmətləri fərdiləşdirmək və kommersiya fəaliyyətini səmərəli qurmaq üçün də işlədilə bilər. Bəzi hallarda bu məlumatlar üçüncü tərəflərlə bölüşülür ki, bu da şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal məxfiliklə bağlı narahatlıq doğurur.

Şəxsi məlumatları qorumaq üçün tətbiqlərin mikrofon, kamera, kontaktlar və məkan məlumatlarına giriş icazələrini vaxtaşırı nəzərdən keçirmək, lazım olmayanları bağlamaq və əməliyyat sistemini yeniləmək tövsiyə olunur. Android və iOS sistemlərində tətbiqlərin hansı məlumatlara çıxış əldə etdiyini yoxlamağa və icazələri idarə etməyə imkan verən məxfilik alətləri var.

Mütəxəssis vurğulayıb ki, məsələ yalnız telefonların dinləyib-dinləməməsi ilə məhdudlaşmır: rəqəmsal davranışların təhlili istifadəçi barədə geniş profil yaratmağa imkan verir. İnsanların özləri də bilmədən paylaşdıqları məlumatlar onların maraq və seçimlərini üzə çıxara bilər. Buna görə məxfilik və tətbiq icazələrinə nəzarət smartfon istifadəçiləri üçün əhəmiyyət daşıyır.