QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, AĞ Partiyanın başqanı Tural Abbaslı bəzi ölkələrin vətəndaşlara 72 saatlıq ərzaq və ilkin tələbat ehtiyatı toplamağı tövsiyə etməsini şişirdilmiş və əsassız qorxuya əsaslanan yanaşma hesab edir. O, ABŞ-İran qarşıdurmasının yenidən gərginləşməsi və nüvə zərbəsi ehtimalı barədə danışarkən bu fikirləri bildirib.

Abbaslının qənaətincə, ABŞ-nin İrana nüvə silahı tətbiq etmək, Rusiyanın isə Ukraynaya qarşı belə bir addım atmaq planı yoxdur. O, Rusiyanın, xüsusilə Dmitri Medvedevin taktiki nüvə silahı ilə bağlı vaxtaşırı verdiyi mesajları real istifadə niyyəti kimi qiymətləndirmədiyini deyib.

Siyasətçi nüvə silahının başlıca təsirinin onun işlədilməsində deyil, çəkindirici gücündə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu silahdan istifadə ehtimalını dilə gətirməklə rəqibə təzyiq göstərmək siyasi baxımdan daha effektivdir; faktiki tətbiq isə nüvə silahının əvvəlki çəkindirmə təsirini zəiflədər.

Abbaslı Rusiyanın Ukraynaya hücumdan əvvəl müharibəni qısa müddətdə bitirəcəyi və ölkəni ələ keçirəcəyi barədə bəyanatlarını xatırladıb. Onun fikrincə, həmin açıqlamalar Ukrayna və digər ölkələrə təzyiq göstərməyə hesablanmışdı. Müharibə başlayandan sonra Rusiyanın gözlənilən hərbi gücə sahib olmadığının üzə çıxması ölkənin siyasi manevr imkanlarını da azaltdı. Siyasətçi nüvə silahına rəsmi olaraq malik təxminən 6-7 dövlətin digər ölkələri təhdid etməklə siyasi, iqtisadi və başqa sahələrdə güzəştlərə sövq etməyə çalışdığını bildirib.

AĞ Partiya başqanı Avropa hökumətlərinin əhalidə təhlükə hissini artırmaqla enerji və ərzaq qiymətlərinin bahalaşmasına qarşı narazılığı zəiflətməyə çalışa biləcəyini istisna etməyib. O, ABŞ-İran qarşıdurmasının Amerikada benzin və ərzaq məhsullarının qiymətinə təsir etdiyini, Ukraynaya böyük həcmdə yardım edən və Rusiyadan ucuz enerji idxalını dayandıran Avropa ölkələrində isə qaz, benzin və dizelin bahalaşdığını qeyd edib. Bu artımın kənd təsərrüfatına və ərzaq istehsalına da mənfi təsir göstərdiyini söyləyib.

Abbaslı iqtisadi vəziyyətin seçici davranışına təsirini də vurğulayıb. Onun sözlərinə görə, ABŞ-da keçirilən aralıq seçkilərdə respublikaçıların, o cümlədən ənənəvi güclü mövqelərə malik olduqları bəzi ştatlarda məğlubiyyəti qiymət artımının siyasi nəticələrini göstərir. Əhalinin bahalaşmadan narazılığı hakim qüvvələrə deyil, müxalifətə dəstək verməsinə səbəb ola bilər. Demokratların Konqres və Senatda üstünlük qazanması da siyasi mənzərəyə təsir edən amillər sırasındadır.

Siyasətçi Avropa ölkələrində parlament, prezident və bələdiyyə seçkilərinin keçirildiyini xatırladaraq, hökumətlərin təhlükə barədə xəbərdarlıqlarla gələcək seçkilərdə səs itkisini önləməyə və qərarlarını əsaslandırmağa çalışa biləcəyini deyib. Onun fikrincə, cəmiyyətə vəziyyətin təhlükəli olduğu, Rusiyanın aqressiv siyasət yürütdüyü və nüvə müharibəsi ehtimalının mövcudluğu mesajı verilərək enerji və ərzaq bahalaşmasına etirazın azaldılması hədəflənə bilər.

Azərbaycanla bağlı danışan Abbaslı ölkənin mürəkkəb geosiyasi və coğrafi mövqeyə malik olduğunu bildirib. Onun sözlərinə görə, böyük iddiaları olan 6-7 dövlətdən üçü Azərbaycanın qonşusudur: Rusiya, İran və Türkiyə. Siyasətçi Türkiyəni digər iki ölkədən fərqləndirərək onu qardaş dövlət adlandırıb, bununla belə, belə ölkələrin qonşuluğunun müəyyən narahatlıq və təhdidlər yaratdığını qeyd edib.

Abbaslı Azərbaycanda əhaliyə üç günlük ərzaq ehtiyatı toplamaq çağırışı edilməsinə ehtiyac görmədiyini söyləyib. O, Azərbaycanın Rusiya və İranı yaxşı tanıdığını, ölkəyə qarşı belə bir təhlükənin yaranacağına inanmadığını bildirib. Siyasətçinin fikrincə, bu cür çağırış ölkədə panika yarada, bəzi işbazları isə ərzaq və ilkin tələbat mallarının qiymətlərini süni artırmağa sövq edə bilər.

O, Azərbaycan cəmiyyəti üçün səhiyyə xidmətlərinə çıxış, pensiya təminatı və yaşı, uşaq pulu və işsizlik kimi gündəlik problemlərin daha aktual olduğunu qeyd edib. Abbaslı beynəlxalq münaqişələrin ölkəyə mənfi təsirləri olsa da, hazırda vətəndaşların əsas qayğısının həmin qarşıdurmalar olmadığını bildirib.