QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) ayrılmaq üçün hazırlıq işləri aparmır. Baş nazir Nikol Paşinyan bunu parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Paşinyan noyabrın 3-də “Euronews”a müsahibəsində ölkəsinin 2027-2028-ci illərdə Avropa İttifaqına üzvlük üçün müraciət etməsi ehtimalını istisna etməmişdi. Brifinqdə ondan İrəvanın Aİİ-dən çıxış üçün siyasi zəmin yaradıb-yaratmadığı soruşulub.
Baş nazir bildirib ki, xalq qarşısında verilən vədə əsasən alternativ variantın hazırlanmasına başlanıb. Onun sözlərinə görə, məqsəd vətəndaşlara seçim imkanı yaratmaqdır. Paşinyan Aİİ-ni tərk etmək niyyətlərinin olmadığını, bununla belə, ittifaqdakı tərəfdaşların referendumun təyin edilməsi və keçirilməsi məsələsini qaldırdıqlarını söyləyib.
Paşinyan qeyd edib ki, referendumun təşkili bir sıra qanunvericilik prosedurlarını tələb edir və rəsmi İrəvan bu istiqamətdə artıq zəruri addımlar atır. O, hazırkı prosesin Ermənistanı 2027-2028-ci illərdə Aİ-yə tamhüquqlu üzvlük proseduruna başlamaq üçün müraciət etməyə yönəltdiyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, Ermənistan Aİİ-dən çıxmağın mümkün nəticələrinə dair Avrasiya Hökumətlərarası Şurasının məruzəsi ilə tanış olub, lakin sənəddəki rəylərin əksəriyyəti ilə razılaşmır. İrəvan etirazlarını tərəfdaşlarına işçi qaydada çatdıracaq.