QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycana səfər etməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri nəzərə alınanda onun Bakıya gəlməsi adi hal sayıla bilər. Lakin Bakı ilə Ankara arasında son dövrdə müşahidə olunan gərginlik bu səfərə fərqli məna verir.

Gərginliyin azaldığı bildirilsə də, onun tam aradan qalxdığını söyləmək çətindir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Ankara sammitində iştirak etməməsi bu qənaəti gücləndirir. Ərdoğan səfərlə bağlı açıqlamasında “Türkiyə və Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur” deyib. Bu ifadə də münasibətlərdə həllini gözləyən məsələlərin olduğuna işarə kimi qiymətləndirilir.

Mövcud vəziyyətdən iki nəticə çıxarmaq mümkündür. Əliyevin Ankara toplantısına qatılmaması Türkiyədə son illər Azərbaycana qarşı artan hücumlar fonunda konkret mövqe kimi dəyərləndirilə bilər. Bu addım Azərbaycanın “qırmızı xətləri”ni göstərməsi kimi də şərh olunur. Ərdoğanın isə Bakıya səfər etməklə yaranmış gərginliyin tam aradan qaldırılmasında maraqlı olduğunu nümayiş etdirdiyi bildirilir.

Səfərlə bağlı diplomatik əlaqələrin artıq aparıldığı məlumdur. Ərdoğan MİT və Xarici İşlər Nazirliyinin rəhbərlərini Bakıya göndərdiyini, Əliyevlə telefonla danışdığını açıqlayıb.

Regiondakı proseslər və diplomatik təmaslar nəzərə alınarsa, Bakı-Ankara münasibətlərindəki gərginliyin daha dərin səbəblərinin olması ehtimalı istisna edilmir. Bu məsələləri müzakirə edib ortaq mövqeyə gəlmək yalnız liderlərin səviyyəsində mümkün ola bilər. Bu baxımdan Ərdoğanın Bakı səfəri əhəmiyyət daşıyır.