QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Astaradan İrana keçmək istəyən yük maşınlarının sürücüləri sərhəd-keçid məntəqəsində günlərlə növbə gözlədiklərini və ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər.
Sürücülərdən birinin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin işindəki ləngimələr çoxlu sayda TIR-ın ərazidə qalmasına səbəb olub. Onlar magistral yolun kənarında növbə gözləyərkən sanitar qovşağı, mağaza və digər zəruri obyektlərin olmadığını deyirlər.
Şikayətçi yaranmış gecikmələrin maddi itkiyə də yol açdığını qeyd edib. Onun sözlərinə görə, ölkədən çıxış üçün ayrılan müddət məhduddur. Azərbaycana daxil olan tranzit yük maşınlarına GPS cihazı quraşdırıldığından sürücülər müəyyən vaxt ərzində ölkəni tərk edərək İrana keçməlidirlər.
Sürücü bildirib ki, növbədə gözləmək tranzit müddətinin başa çatmasına gətirib çıxarır və vaxt limiti aşıldıqda təxminən 200 manat cərimə tətbiq edilir. O, gecikmələrdə günahı olmadığı halda cərimələndiklərini vurğulayıb.
Azərbaycan ərazisinə daxil olan xarici və tranzit yük maşınlarına Dövlət Gömrük Komitəsi tərəfindən xüsusi GPS cihazları quraşdırılır. Qanunvericiliyə görə, bu nəqliyyat vasitələrinin ölkədən çıxması üçün konkret vaxt müəyyən edilir. Gömrükdəki növbə sürücünün iradəsindən kənar səbəbdən müddətin aşılmasına gətirərsə, sistem qayda pozuntusunu avtomatik qeydə alır və İnzibati Xətalar Məcəlləsinə əsasən təxminən 200 manat cərimə tətbiq olunur. Sürücülər gecikmələrin gömrük orqanlarının fəaliyyətindən qaynaqlandığını bildirərək cərimələri ədalətsiz sayırlar.