QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla bağlı bəzi fərmanlara dəyişiklik edilməsi barədə sənəd imzalayıb.

Fərmana əsasən, Zəngilan və Qubadlı rayonlarının ərazilərində aqropark yaradılır. Burada müasir texnologiya və üsullarla rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, çeşidlənməsi və satışı, eləcə də müvafiq xidmətlərin göstərilməsi nəzərdə tutulur. Ərazi sahibkarların səmərəli fəaliyyətinə və inkişafına dəstək məqsədi daşıyır.

Aqroparkın qurulması, idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi hazırlayıb həyata keçirəcək. Agentlik həmçinin bu istiqamətdə dövlət dəstəyi tədbirlərində iştirakı təmin edəcək.

Ərazinin istifadəyə hazırlanması, daxili və xarici infrastrukturun yaradılması, habelə layihələndirmə işləri üçün 2026-cı ilin dövlət büdcəsində Prezidentin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb. İnfrastruktur layihələrinə enerji, qaz, su, kanalizasiya, rabitə və yol-nəqliyyat sistemləri, yanğından mühafizə, istehsal-emal, inzibati və sosial obyektlər daxildir.

Nazirlər Kabineti iki ay ərzində Zəngilan şəhəri yaxınlığındakı 1424,55 hektar və Qubadlı rayonunun Tatar kəndi ətrafındakı 164,15 hektar kənd təsərrüfatı təyinatlı torpağın icarə hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini təmin etməli, bu barədə Prezidentə məlumat verməlidir. Hökumətə fərmandan irəli gələn digər məsələləri də həll etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi xüsusi nümayəndəliyin təkliflərini nəzərə alaraq, iki ay ərzində aqroparkda istehsal və emal ediləcək aqrar-sənaye məhsulları üzrə prioritetləri müəyyənləşdirməli və Prezidentə məlumat verməlidir. Nazirlik xüsusi nümayəndəliklə birgə infrastrukturun yaradılmasına və sahibkarlıq fəaliyyətinin səmərəli aparılması üçün zəruri xidmətlərin göstərilməsinə Agentliyə kömək etməli, digər məsələlər üzrə də tədbirlər görməlidir.

Maliyyə Nazirliyi fərmanda göstərilən məbləğin maliyyələşdirilməsini təmin edəcək.