QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış massivində bir neçə binanın zirzəmisində aparılan qazıntı işləri sakinləri narahat edir. İşlərin yüzlərlə insanın təhlükəsizliyinə risk yaratdığı bildirilir.

“Qurtuluş-93 Residence” MTK-nın inşa etdiyi çoxmərtəbəli binaların zirzəmilərində qeyri-yaşayış sahələri yaratmaq üçün qazıntı aparıldığı qeyd olunur. Aidiyyəti qurumlar pozuntudan xəbərdar olsa da, işlərin dayandırılması üçün indiyədək tədbir görülməyib.

Sakinlərin bildirdiyinə görə, qazıntıların dayandırılması tələbi ilə Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilib, lakin nəticə olmayıb. Onlar 87 saylı binanın bünövrəsində bir gecədə 10 nöqtədə qazıntı aparıldığını, 88, 60 və 78 saylı binaların zirzəmilərində də işlərin davam etdiyini deyirlər.

Abşeron Rayon İcra Hakimiyyəti ərazidə keçirilən monitorinqlər zamanı 87, 88, 89 və 78 saylı binalarda qanunsuz fəaliyyət aşkarlandığını açıqlayıb. Qurumun məlumatına əsasən, bəzi şəxslər müvafiq icazə sənədləri olmadan zirzəmilərdə qazıntı aparıb və şəhərsalma norma və qaydalarını pozublar. Pozuntu ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yazılı müraciət göndərildiyi bildirilib.

Fövqəladə Hallar Nazirliyi də araşdırma aparıldığını və tikinti işləri üçün icazə sənədlərinin təqdim edilmədiyini təsdiqləyib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri istismarda olan 78 saylı binanın zirzəmisində tikinti-quraşdırma işləri müəyyən ediblər. Qanunvericiliyə uyğun tədbirlərin görülməsi və işlərin hüquqi əsaslarının araşdırılması üçün aidiyyəti qurumlara rəsmi müraciət edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə bildirib ki, Bakı və Qarabağ ərazilərində səlahiyyət daşıyır. Qurumun açıqlamasına görə, tikinti işlərinin dayandırılması yerli icra hakimiyyəti və FHN-in səlahiyyətlərinə daxildir.

Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Abşeron Rayon Polis İdarəsinə rəsmi müraciətlər ünvanladığını bildirib.

FHN-dən sonradan bildirilib ki, 2006-cı ilədək tikilmiş binalarda qeydə alınan qanunsuz fəaliyyətlərin qarşısının alınması birbaşa nazirliyin səlahiyyətinə aid deyil. Müdaxilə üçün yerli icra hakimiyyətindən rəsmi müraciət daxil olmalıdır. Nazirliyin açıqlamasına görə, Abşeron Rayon İcra Hakimiyyətindən belə müraciət daxil olmayıb. İcra hakimiyyəti isə FHN-in cavabına görə məsuliyyət daşımadığını bildirib.

Beləliklə, qurumların açıqlamalarında məsələyə müdaxilə səlahiyyəti bir-birinə yönəldilir, qazıntıların isə davam etdiyi bildirilir. Redaksiyaya təqdim olunan yeni görüntülərdə işlərin yekunlaşmağa yaxın olduğu görünür.

Yaşayış kompleksinin sahibi, “Şəki Yaylası” istirahət mərkəzinin də sahibi olan Məhərrəm Novruzovdur. Bir neçə ay əvvəl həmin mərkəzdə əyləncə məqsədilə istifadə edilən trosun qırılması nəticəsində iki nəfər həyatını itirib.

Abşeron Rayon Polis İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə də sorğu göndərilib, lakin cavab hələ alınmayıb.